Mübarizim.com Qarabağ müharibəsi iştirakçısı, yazıçı Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində”kitabından yazıları təqdim edir.
Kitabı Mübarizim.com saytına yazıçının oğlu, jurnalist İmdad Əlizadə təqdim edib. Silsilə olaraq kibada əks olunan hadisələri siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.
Əlli dörd gün erməni mühasirəsində – I yazı
Əlli dörd gün erməni mühasirəsində – II yazı
Üçüncü hissə
SONUNCU NOVRUZ
Yayı Murovda keçirdik. Burada Laçının digər kəndlərindən də onlarca ailə məskunlaşmışdı. Dağın təmiz havasından udub, soyuq suyundan içdik. Özümüzü ovundurduq, guya heç nə baş verməyib. Alaçığımız yola yaxın idi. Yoldan keçən tanış adamlar dayanır, hal-əhval tuturduq. Rəhmətə gedəni kəndə aparıb torpağa tapşırırdıq. Məskunlaşdığımız yer Laçına yaxın idi. Elə bilirdik Laçın işğaldan azad ediləcək, biz də ev-eşiyimizə qayıdacağıq.
1992-ci ilin yayında Azərbaycan Ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar keçirdi, Ağdərənin böyük hissəsini, Laçının bir necə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etdi. Laçının işğaldan azad olunan kəndləri bunlardır:
Oğuldərə, Zağaltı, Qorçu, Lolobağırlı, Qarabəyli, Korcabulaq, Ərikli, Qurdqaçı, Dambulaq, Kaha, Muncuqlu, Hətəmlər, Daşlı, Vəlibəyli, Narıclar, Şəlvə, İmanlar, Hacıxanlı, Budaqdərə, Qovuşuq, Piçənis, Ağcayazı, Hacısamlı, Bülövlük, Qaraçanlı, Seyidlər, Pircahan, Alqulu, Qoşasu, Ələkçi, Nağdalı, Şamkənd, Bozdağan, Aşağı Çorman, Yuxarı Çorman, Fərraş, Norəddin, Arduşlu, Kalafalıq, Bozgüney, Vağazin, Ərdəşəvi, Təzəkənd, Qozlu, Fingə, Haqnəzər, İpək, Ayıbazarı, Bülündüz, Tiğik 1, Tiğik 2, Xırmanlar, Qarıkaha, Zerti, Alxaslı, Seyidlər, Mişni, Hoçaz, Mayis, Sonasar, Soyuqbulaq, Qızılca, Mollalar, Sus və Avazlar.
Yayda bir neçə ailə – Kamal Abdulkərimov, Kərəm Abdulkərimov, Möylan Rəsulov, Musa Rəsulov, Yusif İsgəndərov, Cəlal İsgəndərov, Rasim Məcnunov, Cabbar Cabbarov Oğuldərəyə qayıtmışdılar.
Müxtəlif yerlərdə məskunlaşmış oğuldərəlilər tez-tez kəndə baş çəkirdilər. 1992-ci ilin avqust ayında Murovda olan əhali yavaş-yavaş köçürdü. Həmin dövrdə oğlum İmdadla kəndə getmişdim. Murovdan Oğuldərəyə gedənə qədər bir necə maşın dəyişdik. Kəlbəcərin Tirkeşəvənd kəndində hərbi maşına mindik. “Zil-131” markalı maşının kabinəsində hərbçilər oturmuşdu, kuzova qalxdıq. İmdad yola bələd deyildi, tez-tez Oğuldərəyə nə qədər qaldığını, nə vaxt çatacağımızı soruşurdu, kəndə getdiyinə görə sevincinin həddi-hüdudu yox idi. Maşında hərbçilər musiqiyə qulaq asırdılar, maqnitofonda aşıqların ifasında “Baş Sarıtel” səsləndirilirdi. İmdad indi də deyir ki, harada “Baş Sarıtel” musiqisini eşidirəm, tüklərim biz-biz olur, çiskinli, dumanlı, narın yağışlı bir gündə hərbi “Zil-131” maşının kuzovunda doğma Oğuldərəyə qayıtdığımız gün gözlərimin önündə canlanır.
Axşama yaxın Qorçu kəndinə çatdıq. Qorçu Oğuldərə ilə qonşu kənddir. Maşın Laçın cəbhəsinə gedirdi. Qorçuda maşından düşdük. Qaranlıq idi. İmdada dedim ki, burada qohumların birinin evində gecələyək, səhər tezdən Oğuldərəyə gedərik. İmdad etiraz etdi. Oğuldərə ilə Qorçu qonşu kəndlər olsa da, arasında bir xeyli məsafə var. Yağış yağmışdı, gecə və yol palçıq olduğundan piyada getmək çətin idi. Laçın Rayon Polis Şöbəsinin qərargahı Qorçuda yerləşirdi. Gecə qərargaha getdim, Oğuldərəyə getmək üçün maşın istədim, vermədilər. Gecəni Qorçuda qohumların evində qalası olduq.
Səhər açılanda gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Qorçu altı kəndin mərkəzi hesab olunurdu. Vaxtilə natamam orta və tam orta məktəb, kənd soveti, kolxoz idarəsi, xəstəxana ancaq bu kənddə yerləşirdi. Hamının yolu bu kənddən düşürdü. Ona görə də Qorçuya hamı doğma evi kimi baxırdı.
Namlı və Qorçu çaylarının arasında yerləşir bu kənd. Qorçu çayının kəndlə üzbəüz sahilində meşə zolağı uzanır. Aşağı tərəfdə də nəhəng ağacları, dadlı meyvələri olan meşəlikdir. Bu meşənin qırmızı palıdı dünyada məşhurdur. Babamın anası, atamın anası, anamın anası bu kənddəndir.
Babamın qardaşı, Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, 1937-ci ilin qanlı sovet repressiyasının günahsız qurbanı olmuş Müseyib İlyasovun tikdirdiyi, özümün oxuduğum, sonra isə müəllim işlədiyim Qorçu məktəbinə baş çəkdim. Məktəbin özünü yox, külünü gördüm. Adamların yanmış məktəbə baxıb necə göz yaşı axıtdığının şahidi oldum. Adam yanıb tökülürdü.
Növbəti gün Oğuldərəyə getdik, üç aylıq ayrılığa, doğma ev, torpaq həsrətinə son qoyuldu. İmdadla bir neçə gün kənddə qaldıq, evimizdə özümüzə yer hazırladıq, orada gecələdik, rahat nəfəs aldıq, ruhumuz dincəldi. Kənd yüzillərlə insan ayağı dəyməyən xarabalığı xatırladırdı. Yanmış evlər, sahibsiz itlər, biçilməmiş biçənəklər, insan olmayan kənd… Təbiət göz oxşayırdı, hər tərəf yaşıllıq idi. Adam doğma yurdundan, evindən ayrılıb soyuq, yağışlı Murovdakı çadıra qayıtmaq istəmirdi. Amma buna məcbur idik. Ailə müvəqqəti evimiz, Murovda idi.
***
1992-ci ilin sentyabr ayının sonunadək Murovdağın ətəyində alaçıqda yaşadıq. Murovun ətəyində məskunlaşan insanlar arasında köçmək məsələsində böyük mübahisə yaranmışdı. Bir qrup Oğuldərəyə, digəri isə Azərbaycanın başqa rayonlarına köçməyi təklif edirdi. Hara köçmək məsələsində mübahisələr həftələrlə davam edirdi. Doğma yurdundan didərgin düşən, taleyinə köçkünlük yazılan bu insanlar üçün bir-birindən ayrılmaq çətin idi. Ona görə də eyni yerdə məskunlaşmaq üçün hamını qane edəcək variant axtarılır, ortaq məxrəcə gəlinməyə çalışılırdı.
Kənd ağsaqqalı Dadaş İbrahimov sanki bizi gözləyən təhlükəni əvvəlcədən hiss etmişdi. O, Oğuldərəyə qayıtmağın qəti əleyhinə çıxır, təkidlə Azərbaycanın başqa rayonlarından birinə köçməyi təklif edirdi: “Oğuldərəyə qayıtmayın, Aran rayonlarından birinə köçün, dolanışıqdan, yaşlı insanların qürbətdə öləcəyindən narahat olmayın. Əgər mən dünyamı dəyişsəm, heç qəbiristanlığa aparmayın, harada məskunlaşsanız, məni orada, heyvan ayağı dəyməyən bir yerdə dəfn edərsiz. Amma Oğuldərəyə qayıtmayın, düşmən kəndin yaxınlığında dayanıb, bizi qıracaq, xocalılıların yaşadıqları faciə bizim də başımıza gələcək”. Lakin övladları bununla razılaşmır, deyirdilər ki, bu qədər köçkünün olduğu bir dövrdə başqa rayonlarda ailəni, mal-qaranı saxlamaq mümkün olmayacaq.
Mən əvvəlcə kəndə qayıtmağı planlaşdırırdım. Lakin sonradan bundan çəkindim. Həmin dövrdə Azərbaycanın nəzarətində olan Ağdərəyə, ya da Tərtər və Biləsuvar rayonlarından birinə köçmək fikrindəydim. Heç kim mənimlə köçmək istəmirdi. Eyni zamanda birlikdə hansısa rayona köçmək təklifimi də qəbul etmirdilər. Oğuldərəyə köçən bir-birinə arxalanırdı. Bəlkə bir nəfər “getmirəm” desəydi, iş pozular, kəndə köçən olmazdı. Murovda isə havalar getdikcə soyuyurdu. Bir dəfə qar yağdı, çox əziyyət və qorxu çəkdik. Güclü qar insanlara və mal-qoyuna ciddi ziyan vurardı. Amma qar tez kəsdi.
Köçməyə maşın axtarırdıq. Bir neçə dəfə Xanlar rayonuna getdik, maşın tapmayıb əliboş qayıtdıq. Bir gün maşın tapdım, gecə sürücünün evində qaldım. Növbəti gün maşınla məskunlaşdığımız əraziyə gəldim. Gördüm ki, mən gələnə qədər maşın tapıb köçüblər. Oğuldərəyə köçdüklərini daşın arasına qoyduqları kağızdan oxudum. Kağıza “Maşın tapıb kəndə köçdük” yazılmışdı.
Xanlar rayonuna qayıtdım, yenə gecə sürücünün evində qaldım. Səhər tezdən Ağdərə yolu ilə gəldim. Zülfüqarlı kəndinin yaxınlığında İstisu adlanan yerdə mal-qoyun aparanlara çatdım. Öyrəndim ki, mən maşın tapıb özümü yetirənə qədər oğuldərəli Həsən Salahov gəlib, onun maşını ilə köçü yığıblar. Gecə İstisuyun yaxınlığındakı düzənlikdə qaldıq. Sabahı gün Sarıyoxuşu aşaraq Oğuldərəyə çatdıq. Elə bilirdik dünyada bizdən xoşbəxt adam yoxdur.
Bizdən sonra Şəki və Qaxda qaçqın kimi məskunlaşmış bir neçə ailə də kəndə qayıtdı. Ailəsi ilə birlikdə köçüb Oğuldərəyə qayıdanlar bunlar idi:
Əliyev Əli
Zülfüqarov Arif
İbrahimov Dadaş
İbrahimov Mötəbər
İbrahimov Təvəkkül
İbrahimov Xasay
İbrahimov Temir
İlyasov Əşrəf
Salahov Tofiq.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Azər Məmmədov, Ali Sovetin deputatı Səlim Səlimov, məsul şəxs Qəzənfər Hüseynov, hərbi komendant Hüseynalı Həsənov Oğuldərəyə gəldilər, ev-eşiyinə qayıdanlara baş çəkdilər, gözaydınlığı verdilər.
Ermənilər Oğuldərəni işğal edəndə onlarca evlə birlikdə kənd məktəbini də yandırmışdılar.
İndi isə kənddə xeyli şagird vardı, uşaqlar təhsildən kənarda qala bilməzdilər. Məktəb təşkil etmək istəyirdim. Oğuldərə məktəbini ermənilər yandırmışdı. Oğuldərəyə gələn rayon rəhbərliyinə fikrimi dedim, böyük razılıqla qarşıladılar. İşə başladım. Gəncəyə gəldim. Təhsil şöbəsindən plan və proqram apardım.
Boş qalan qonşu kəndlərin məktəblərindən parta, stol, stul, yazı lövhəsi, jurnal gətirmək lazım idi. Soraqlaşıb öyrəndik ki, Şəlvə məktəbinin bir hissəsini ermənilər yandırıb, qalanı durur. Məcid Abdulkərimovun maşınında mən, oğlum Babək, Kamal Abdulkərimov, Mötəbər İbrahimov, Sərdar Məcnunov, Rauf Ağalarov, Ağaşirin İbrahimov Şəlvə kəndinə getdik. Şəlvə yaşıl meşənin ortasında yerləşən böyük kənddi. Biz tərəflərdə bu kənd dadlı meyvələri, xüsusən alması ilə məşhurdu. Yaşıllığa qərq olmuş kənddə bütün evlərin həyətində böyük meyvə bağları vardı. Erməni işğalına məruz qalan başqa kəndlər kimi, Şəlvədəki mənzərə də adamı dəhşətə gətirir, ürəyini göynədirdi. Böyük kənddə bir nəfər də qalmamışdı, yanmış evlər, sahibsiz itlər, meyvəsi dərilməmiş bağlar erməni təcavüzünün dəhşətini ortaya qoyurdu.
Parta, yazı lövhəsi, stol-stulu məktəbin həyətinə yığıb maşına yükləmək istəyirdik ki, birdən kəndin başqa yerindən maşın səsi gəldi. Qorxduq ki, ermənilərdir. Qaçıb gizləndik. Bir neçə nəfərdə silah vardı. Onlar silahlarını hazırladılar. Maşın işğal altında olan Laçın tərəfdən yox, çayın yuxarı tərəfindən, xaraba qalmış Hacıxanlı və Qovuşuq kəndləri tərəfdən gəldi. Bu kəndlər bir-birinə yaxındır. Bir yük maşını idi, kuzovunda adamlar. Ehtiyatla maşından düşdülər və silahlarını hazırladılar.
Demə, başqa rayonlarda məskunlaşmış Şəlvə camaatı imiş, doğma kəndi, torpağı ziyarət etməyə, evlərinə baş çəkməyə gəlmişdilər. Bərk narazılıq etdilər. Şəlvə kənd icra nümayəndəsi Rafiq müəllimlə aramızda söz atışması getdi:
– Niyə dağıdırsız?
– Dağıtmırıq, bizim məktəb yanıb, aparırıq məktəbi təşkil edək.
– Bəs bizimki uşaq deyil? Qaytarın yığın yerinə.
– Axı burda bir uşaq da yoxdu…
– Bir-iki aya hamı qayıdır.
– Qış gəlir. Adamların indi geri qayıtması mümkün deyil. Məktəb bağlananda gətirib yerinə qoyarıq.
Mən təkidlə icazə istəyir, həyətə yığdığımız məktəb əşyalarını maşına yükləmək, aparmaq istəyirdim. Rafiq müəllim isə dediyindən dönmürdü. Axırda dilimdən iltizam aldı və bir neçə əşyanı istədiyi vaxt geri qaytarmaq şərti ilə verdi. Nə qədər çalışdım ki, yazı taxtasının ikisini də alım, vermədi. Bir neçə sinfə bir yazı taxtası gətirdik. Beləliklə, Oğuldərə məktəbi düşmən gülləsi altında fəaliyyət göstərməyə başladı. Kəndə qayıtmayan müəllimləri də əvəz edirdik.
***
Laçın qaçqın düşənədək Oğuldərə məktəbinin böyük müəllim kollektivi var idi – Qasımov Rüstəm, Məcnunov Möhsün, Bəşirov Abbasəli, İbrahimov Xasay, Mirzəyev Əkbər, Salahov Müzəffər, Salahov Tofiq, Məcnunov Camal, Məcnunov Cəfər, Ağakişiyev Ağakişi, Məcnunov Barat, Ağayev Baxşeyiş, Məmmədov Müzəffər, Məmmədov Məzahir, İbrahimov Məhəmməd, Paşayeva Səfa, Ağalarov Yavər, İbrahimova Teyfə, Şirinova Xədicə, Məcnunov Vəli, bir də mən.
Məktəbi babamın qardaşı Müseyib İlyasov yaradıb. Laçın rayonunda və Oğuldərə kəndində ziyalı nəslin yetişməsində çox böyük zəhməti olub o kişinin…
İkinci dünya müharibəsinə gedən Oğuldərə müəllimlərinin əksəriyyəti geri qayıtmamış, döyüşlərdə həlak olmuşdu. Onlardan Əmrahov Allahverdi, İbrahimov Nemət, Məmmədov Teyyub, Həsənov Aslan, Məcnunov Baratın adını çəkmək olar. Əsrin ortasında bu qədər təhsilli insanın həlak olması bir kənd üçün böyük itki idi. Amma bu böyük itkiyə baxmayaraq, oğuldərəlilər təhsildən uzaqlaşmadılar, kənddə yeni müəllim nəsli formalaşdı. Həmin müharibəyə Oğuldərədən 50 nəfərə yaxın adam gedib, əksəriyyəti qayıtmayıb…
***
Kənddə qalan sahibsiz itlərə yazığımız gəlirdi. İtlərin çoxunu ermənilər güllələmişdi. Qalanlarını isə biz, kənddəkilər saxlayırdıq. Süleymanın itini Arif saxlayırdı. Bir gün Arifin evinin qarşısında dayanmışdıq. Onda gördük Süleyman kəndin ortası ilə gəlir. İt də gördü. Sahibinin qabağına qaçdı, qabaq ayaqlarını sinəsinə qoyub Süleymanı yaladı, zingildədi, zingildədi, zingildədi. İtin sahibindən ayrıldığı bir neçə ay idi. Bu mənzərəyə baxanlardan heç kim göz yaşını saxlaya bilmədi.
Oğuldərə sakini Əşrəf İlyasovun iti onu görəndən bir gün sonra ölmüşdü. Əşrəf deyirdi, it məni görəndə o qədər sevinirdi ki, ürəyi partladı.
Oğuldərədə sakit həyat yaşayırdıq. Qonşu Qorçu kəndində Şuşa və Laçının polis şöbələri, Ərikli kəndində isə Laçın Rayon İcra Hakimiyyəti yerləşirdi. Kənddə yaşayan kişilərin hamısı 811 saylı hərbi hissədə qeydiyyatda idi.
Oğuldərədə yaşadığımız dövrdə döyüşən əsgərlərə əlimizdən gələn qayğını göstərməyə çalışırdıq. Elə gün olmurdu ki, onların vəziyyətindən xəbər tutmayaq. Doqquz yaşlı oğlum Babək hər gün onların yanına gedir, əsgərlər nəyə ehtiyacları olduğunu ona deyir, biz də verirdik, heç nə əsirgəmirdik. Ayrılıqda bacarmayanda isə qonşularla birlikdə həll edirdik. Bəzən 50-60 əsgərə qulluq etməli olurduq. Sayları çox olanda əsgərləri evlərə bölürdük.
***
1993-cü ilin fevralında radio məlumat verdi ki, Kəlbəcər–Ağdərə yolunu ermənilər bağlayıb. Bu yol əvvəlki illərdə də ermənilərin nəzarətində olmuşdu. 1992-ci ilin yayında Azərbaycan Ordusu hücum etmiş, yolu və onun ətrafında olan kəndləri ermənilərdən azad etmişdi. Bunu Kəlbəcərdə bayram kimi qeyd etmişdilər.
Əmioğlu Ramiz Ağayev Oğuldərə kənd icra nümayəndəsinin müavini təyin olunmuşdu və Kəlbəcər–Ağdərə yolundan keçməklə Oğuldərəyə gəlmişdi. Gecə güclü qar yağmışdı, insanı qılınc kimi kəsən şaxtadan çölə çıxmaq olmurdu.
Gəldiyi gecəni qohumlarının evində qalan Ramizlə səhər görüşdük. Bir neçə saatdan sonra Ramiz getmək qərarına gəldi. Mənimlə sağollaşıb dedi ki, Əli müəllim, salamat qal, Ərikli kəndinə, dayımgilə gedirəm. “Olmaz, bəri adla, uşaqlar səni atla aparıb yola salar”, – dedim.
Bizim aramızda dərə vardı. O, kəndin ortasından, İbrahim dayımın evinin yanından çağırırdı. Mən isə evimizin həyətində durmuşdum. Ramiz cavab verdi ki, at minməli gün deyil, soyuqdur.
Razılaşmadım:
– Gəl səninlə bir sabahın xeyir edək, sonra gedərsən.
Ramiz gəldi. Süfrə arxasında olanda Ramizə dedim ki, bir də, ya qismət, görüşək, görüşməyək. Bizim həyatımız hər an təhlükədədir. Bir yolumuz vardı – Kəlbəcər–Ağdərə yolu, onu da bağladılar. Ermənilər bizi Xocalıdakı kimi qıra bilər. Onda bizi yada salarsan.
Dediklərim doğru çıxdı. O gün süfrə arxasında bizimlə birgə əyləşən Mötəbər və Ağaşirin itkin düşdülər, hələ də onların taleyindən bir məlumat yoxdur. Biz əmioğlular bir daha bir yerə yığıla bilmədik.
Axır çərşənbə və Novruz bayramında uşaqlar kəndin yiyəsiz evlərini bir-bir gəzir, qapılarda tonqal qalayır, qırmızı bağlayırdılar. Elin dağa gəlməsinə darıxırdıq. 1993-cü ilin Novruz bayramı bizim doğma ev-eşiyimizdə keçirdiyimiz sonuncu bayram oldu. Aradan bir həftə keçməmiş təzədən qaçqın düşdük.