“Aprel şəhidi”nin qızı atasına MƏKTUB yazıb

“Aprel şəhidi” Vaqif Bayramovun qızı Zeynəbin gündəliyindən bir hissə…

“Ata mən səni çox istəyirəm… Amma sən bizi qoyub getdin… Ata mən sənin üzünə deyə bilmirəm… Ancaq mən bura yazıram. Sən gələndə sənə deyəcəyəm… Mən operasiyaya (əməliyyata) girdim. Sən mənim əlimdən tutmuşdun… Mən operasiyadan çıxanda sən mənim əlimi buraxıb getdin və dedin: hər şey yaxşı olacaq… Mən yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm şirinim… 
… Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə mən bunu ona oxumağa verəcəyəm…
…Gəl ata, mən səni istəyirəm…
…Mən istəyirəm ki, sən gələndə mən sənə sevincimdən ATA VAQİF deyəm…
…Ata VAQİF yadındadır, sən həmişə mənə “şirinim” deyərdin. İndi sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən mənim az qala ürəyim partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan… Və o mənim gözəl atam idi…
Ata mənim sənə bir sözüm var: onu sən gələndə deyəcəm… Amma bu söz çox önəmlidir. Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm? Pisinə gəlsə də deyəcəm: Səndən küsmüşəm… Ona görə küsmüşəm ki, sən evə gəlmirsən…
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir… sənin il mərasimində şeir oxudum… hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur… Mən də hirslənirdim…
Ataaaaaa…. nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram…
“Ata, ata…” yazanda elə qışqırmaq istəyirəm ki… İstəyirəm ki əlini mənə vurasan… İstəyirəm ki, qapımızı döyəsən… və səni qucaqlayım… bu günlüyümü açanda da sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum…
Nə bilim… bax indi-indi ürəyimi boşaldıram…”.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı) Vaqif Bayramov 2016-cı ildə “Aprel döyüşləri” zamanı şəhid olub,
Vaqif Bayramov 1979-cu ilin 25 dekabrda Naftalan şəhərində anadan olub. Ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb.
Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

2016-cı il aprelin 11-də Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salınıb.
Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Müəllif: Aida Eyvazlı

Mənbə: Modern.az

Şərh yaz