“Ən böyük arzum ermənilərdən intiqamımı almaqdır”

“Həyatda ən çox istədiyim şey o olub ki, atam gəlsin, qapını açıb “ata” deyərək qucağına atılım. Bu arzumun heç vaxt gerçəkləşməyəcəyini bilə-bilə həmişə onu gözləmişəm…”

Bu sözləri bizimlə söhbətində Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan İsgəndər Qocayevin kiçik oğlu Azər bildirdi.
Yaşasaydı, bu gün 51 yaşını qeyd edəcəkdi İsgəndər Qocayev. Dostlarının, qohumlarının, ailəsinin ətrafında. Amma 22 ildir yaxınları, ailəsi onun ad gününü onsuz qeyd edirlər. Məzarını ziyarət edir, üzərinə gül dəstəsi qoyurlar. Həyat yoldaşı Şəhla xanım və oğlanları Yaşarla Azər hər şeylərini onunla bölüşür. Çətinə düşəndə məzarını ziyarət edib onunla dərdləşirlər.

Doğum günü ərəfəsində qəhrəmanımız İsgəndər Qocayevin oğlu Azərlə atasının keçdiyi yola, həm də bir şəhid övladı kimi onun yaşantılarına işıq saldıq.

“Şir kimi uşaqlar məni gözləyir”

İsgəndər Qocayev 1965-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb, orta məktəbi də orada oxuyub. Sonra Bakıya gəlib texniki kollecə daxil olub. 1983-85-ci illərdə Rusiyanın Çita şəhərində hərbi xidmətini başa vurub Azərbaycana qayıdıb, indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1985-1993-cü illərdə Lökbatanda Əmirov adına Neft və Qaz Çıxarma İdarəsində əvvəl operator kimi, sonra briqadanın rəhbəri vəzifəsində çalışıb. Qarabağ uğrunda gedən döyüşlər onu rahat buraxmayıb. Neftçi olduğundan onu cəbhəyə çağırmayıblar. Amma İsgəndər 1993-cü ilin oktyabrında könüllü surətdə özünümüdafiə dəstəsi olan Qaradağ batalyonunun tərkibində cəbhəyə yollanıb. Həyat yoldaşı və valideynləri təkid etsələr də, iki azyaşlı övladının olması onu yolundan döndərməyib.

Kəlbəcəri geri qaytarmaq məqsədilə başlanmış döyüşlərdə, Murov dağı istiqamətində bir neçə qəsəbənin alınmasında iştirak edib. Cəbhə yoldaşlarının dediyinə görə, Çiçəkdağ, Bağırlı, Yanşaq kəndi, Kəlbəcər-Laçın yolunun təmizlənməsində böyük şücaətlər göstərib. Yanşaq kəndinin üst istiqamətində Qızılqaya adlanan yüksəklik uğrunda gedən vuruşlarda 1994-cü il yanvarın 18-də şəhid olub. Yanvarın 20-də doğulub boya-başa çatdığı kəndə gətirilərək torpağa tapşırılıb.

Atası cəbhəyə yollananda 2 yaşı olan Azər deyir ki, anası atasının cəbhəyə getməməsi üçün israr edəndə atası: “Mən getməsəm, ailəmin namus-qeyrətini kim çəkəcək?”, – deyib: “Ailəcanlı olduğundan bizi döyüşlərdə də yadından çıxarmırdı. Dekabrın 14-ü qardaşımın ad günündə gəlmişdi. O zamanlar qardaşımın kirvəsi və babam atamın geri qayıtmaması üçün təkid ediblər, amma heç nəyə nail ola bilməyiblər. Yanvar ayında həmkəndlimizin şəhid olduğunu eşidib hüzr yerinə gəlmişdi. Söhbət əsnasında əmim xahiş edib ki, heç olmasa 2-3 gün qalsın. Atam deyib ki, orada şir kimi uşaqlar məni gözləyir, onları qoyub necə burada qala bilərəm?

Ondan qohumlar, dostlar nə vaxta kimi döyüşəcəyini soruşanda həmişə: “Ölənə qədər” – cavabını verərmiş”.
Döyüş yoldaşlarının sözlərinə görə, Kəlbəcərdə olanda İsgəndər dağlara baxaraq dərindən ah çəkib və: “Bu torpaqlardan ötrü ölməyək, nə üçün ölək?”, – deyib: “Atamın döyüş yoldaşları deyir ki, o, elə bil öləcəyini hiss edirdi”.

“Söhbətlərdən atamın necə insan olduğunu hiss edə bilirəm”

Atasını xatırlamayan Azər qardaşının onu xatırladığını deyir: “Mənim iki, qardaşımın dörd yaşı var idi. Qardaşım deyir ki, atamla bağlı üç epizod yadındadır. Amma özünə qapalı olduğundan atam barədə heç bir şey danışmır”.

Qardaşı Yaşardan fərqli olaraq, Azər atası barədə danışmağı sevir və onun barəsində hər şeyi öyrənməyə cəhd edir: “Atamın əsgər yoldaşlarını güc-bəla ilə tapdım. Onlarla atam barədə danışmağa, atamla bağlı xatirələrini bölüşmələrinə çalışdım. Hamısı deyir ki, atam mərdliyinə görə seçilirdi”.

Anasından, nənəsindən, babasından, əmilərindən də həmişə atası barədə informasiya almağa çalışıb: “Nənəmin, babamın, atamın cəbhə yoldaşlarının danışığından atamın necə bir insan olduğunu hiss edə bilirəm. Atam 29 yaşında şəhid olub. Az yaşasa da, yaxşı dostlar qazanıb. Rəhmətə getməsindən on illər keçsə də, dostları hər il qəbrini ziyarət edirlər”.

Düşməninə də atasız qalmağı arzulamır: “Atasızlıq çəkiləsi dərd deyil. Düzdür, bu gün yenə atamın kölgəsi altındayıq, onun adı altında gəzirik. Kəndə gedəndə kim olduğumuzu soruşanda atamızın adını çəkirik, hamı boynumuzu qucaqlayıb öpür. Nənəm atam şəhid olandan sonra əmimin uşaqlarına təbliğ edirdi ki, heç vaxt mənimlə qardaşımın yanında atalarını “ata” deyib çağırmasınlar. İstəmirdi ki, biz atasızlığımızı hiss edək”.

“Atamın adı gələndə danışa bilmir”

27 yaşında həyat yoldaşını itirən Şəhla xanım bir üzü qız, bir üzü gəlin balalarını böyüdüb boya-başa çatdırıb: “Atamın adı gələndə anam susur, danışa bilmir. Biz atasız böyüsək də, ən çox əziyyəti anam çəkib. Bu gün həyatda nail olduqlarımız birbaşa anamla bağlıdır. Gecəsini gündüzünə qatıb, dişi-dırnağı ilə bizi böyüdüb. Dayının, əminin öz yeri var, Allah hamısının canını sağ eləsin. Amma insan üçün əsas anası və atasıdır. Valideynlər əvəzolunmazdır”

Deyir ki, atası həmişə hər şeyin yaxşısını alırmış onlar üçün: “Bizim nazımızla oynayardı. Nənəm dediyinə görə, evə gələn kimi əllərini, dizlərini yerə qoyub, bizi kürəyinə alıb otaqda gəzdirirdi. Nənəm də həmişə deyirmiş ki, 110 kiloluq kişiyə bax, uşaqları belində gəzdirir.

Kiminsə atanı əvəz etməsinin mümkünsüzlüyündən danışan müsahibimizin sözlərinə görə, laborant işləyən anası övladlarının atasızlığı hiss etməməsi üçün hər bir şey etsə də, elə anlar olub ki, ataya çox ehtiyacları yaranıb: “Sonuncu aprel döyüşlərində şəhid uşaqlarını televiziya ekranlarında göstərəndə özümün çəkdiyim əzab-əziyyətli, atasız günlərim fikrimdən keçir. Düzdür, ata olmasa da, pis-yaxşı hamı böyüyür. Amma yarıdan çox hissən olmur. Bir qolunu hiss edirsən, qalan heç bir yerini hiss etmirsən. Hətta arada atamı qınayıram ki, nə üçün bizi qoyub gedib. Bu, bəzən şəhidlərimizə qiymət verilmədiyi anlarda olur. Lökbatan qəsəbəsində atamın adına küçə var. Oradakı lövhə pis vəziyyətə düşmüşdü. O lövhəni dəyişdirmək üçün 4 ay vaxt sərf etdim. Amma yenə də köhnə lövhə vurdular. Məsuliyyətsiz adamlara şəhidə hörmət etməyin vacib olduğunu aşılayanda deyirlər: “Nə edim atan şəhid olub”. Belə anlarda çox pis oluram”.

Amma həmişə sıravi insanlardan, uşaqlardan bir addım öndə olduğunu deyir – şəhid övladı olduğuna görə: “Atam şəhid olduğuna görə başım həmişə uca olur. Ən böyük arzum Qarabağ döyüşlərində iştirak etmək, ermənilərdən intiqamımı almaqdır. Atasız yaşadığım illərin heyfini onlardan alacağım günü gözləyirəm. Allah qismət eləsə, mən cəbhəyə gedən ilk adamlardan olacam. Qardaşımla mənim boynumuzda yük var: atamızın qanı yerdədir”.

Müəllif: Lalə Musaqızı

Mənbə: kaspi.az

Şərh yaz