“Bu fani dünyadan doydum, amma oğlumdan doymadım” – Şəhid atası

Silahlı Qüvvələrimizin yanvarın 19-da şəhid olan əsgəri Mənəfov İbrahim Möhsüm oğlu “Qanlı yanvar” günü böyük izdihamla dəfn edildi.

Şəhidimizin atası Möhsüm Manafov  şəhid oğlu haqqında danışıb:

“İbrahim evin ikinci övladıdır. Ailədə bir bacı, iki qardaş idilər. Oğlum 1995-ci ilin 31 mart günü dünyaya gəlmişdi.

Bilirsiniz ki, 31 mart həm də bizim soyqırım günümüzdür. Qəribədir ki, İbrahim 20 yanvar günü də torpağa tapşırıldı”. Şəhid atası çətinliklə olsa da, sözünə davam edir: “Uşaqlıqdan öz üzərində çalışan uşaq idi. İdmanla məşğul olurdu. Neftçala rayonundakı Nizami Gəncəvi adına orta məktəbi bitirdikdən sonra 2012-ci ildə Milli Aviasiya Akademiyasına qəbul olundu. “Radiotexnika mühəndisliyi” fakültəsində təhsil aldı. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollandı. Ağcabədi rayonunda xidmət edirdi. İki qardaş eyni vaxta hərbi xidmət çəkirdilər.

Yanvarın 15-də oğlum Nicat hərbi xidmətini başa vurub evə qayıtdı. Yanvarın 19-u, günorta vaxtı isə ermənilərin açdığı atəş nəticəsində İbrahim şəhid oldu”. Oğul itkisi bir ata üçün nə qədər çətin olsa da, İbrahim ata bu dərdə də sinə gərərək, “Təki, Vətən sağ olsun!”-deyir: “Balamın üçrəngli şanlı bayrağımızla bəzənmiş tabutu gəldi. Nəşi 20 yanvar günü yaşadığımız Neftçala rayon Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında böyük izdihamla dəfn edildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Əsgər balalarımıza, hərbçilərimizə, səngərdə durub Vətənin keşiyini çəkənlərə can sağlığı versin. Allah bir daha bu acını bizlərə yaşatmasın”. Şəhid atası sonda qəhərlənərək çox zəif səslə bunları pıçıldayır: “Dağ kimi oğul böyütmüşdüm. Mən bu fani dünyadan doydum, amma oğlumdan doymadım”…

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Mənbə: Moderator.az

Şərh yaz