Əlli dörd gün erməni mühasirəsində – II yazı

Mübarizim.com Qarabağ müharibəsi iştirakçısı, yazıçı Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində”kitabından yazıları təqdim edir.

Kitabı Mübarizim.com saytına yazıçının oğlu, jurnalist İmdad Əlizadə təqdim edib. Silsilə olaraq kibada əks olunan hadisələri siz dəyərli oxucuların diqqətinə çatdıracağıq.

Əlli dörd gün erməni mühasirəsində – I yazı

İkinci hissə

DAĞDAN ENİŞ

Laçından Kəlbəcərə gedən torpaq yol uzaq və na­rahat olduğundan Oğuldərədən çıxdığımız gün Murovdağı aşa bilmədik. Gecə Kəl­bə­cə­rin Qamışlı körpüsünün yanında qaldıq. Qamışlıdan Mu­ro­va mayın 15-i səhər tezdən yola düşdük. Murovu aş­maq heç də asan deyildi. Bu dağ Azərbaycanın ən uca, başı buludlara çatan və hər zaman qarla örtülü, yük­səkliyindən baxanda ətəyi görünməyən əzəmətli dağ­la­rından biridir. Dibi görünməyən uçurumlar adamı va­him­ələndirirdi.

Belə bir yolla yük maşınında qocaları, uşaqları apar­ma­ğa məcbur olmuşduq. Dağın sinəsi, çayın qırağı ilə uza­nan yolun sağı və solu meşəlikdir. Maşın yolun sol tə­rə­fi ilə axıb Tərtər çayına qovuşan kiçik çayın sa­hi­liy­lə atıla-düşə Murova doğru irəliləyirdi. Burada Kəl­bə­cə­rin Yanşaq kəndi yerləşir. Yeni çəkilmiş Kəlbəcər–Xan­lar–Gəncə yolunun üstündədir. Yanşaq Kəlbəcərin Mu­ro­vun ətəyində olan axırıncı kəndidir.

Kəndi keçib dağa qalxdıq. Bu yolla birinci dəfə idi ge­dirdik. Ermənilər Kəlbəcərin Ağdərədən keçən yo­lu­nu bağlayanda Kəlbəcər–Xanlar yolu çəkilməmişdi. Kəl­bəcər–Ağdərə yolunda ermənilər xeyli azərbaycanlı öl­dürmüşdülər. Camaat Kəlbəcərə çox uzaq yolla, Tər­tər–Ağdam–Ağcabədi–Beyləqan–Füzuli–Cəbrayıl– Qu­bad­­lı–Laçın yoluyla dolanıb çatırdı. Əhali bu uzaq və əzab­lı yolu keçməyə məcbur edilmişdi. Tərtərdən Kəl­bə­cərə  iki-üç saatlıq yoldur, amma Ağdərə yolu bağ­lan­dı­ğından iyirmi saatdan artıq maşın sürmək lazım idi. Son­ra Kəlbəcər–Xanlar yolunu çəkdilər. Yaxşı ki çək­di­lər, yoxsa 1992-1993-cü illərdə Laçın və Kəlbəcər tam mü­ha­sirədə qalar, ermənilər əhalini qırardılar.

Mayın ortaları olsa da, Murovda yolun qıraqlarında qar maşından qat-qat hündür idi. Buldozerlər qarı kü­rü­yüb təmizləyəndə maşınlar saatlarla dayanmalı olurdu, yol­da əvvəli-sonu görünməyən tıxac yaranmışdı. Qar uç­qu­nu adamı daha çox qorxudurdu. Yolla tez getmək müm­kün deyildi. Qorxa-qorxa, addım-addım gedirdik. Əs­lin­də getmirdik, sürünürdük. Hər tərəf qar və buz dağ­la­rı, dibi görünməyən uçurumlar… Külək əsir, soyuq ada­mı qılınc kimi kəsirdi. İki gündü ac-susuz yol gələn uşaq­lar çörək, su istəyir, ağlayırdılar, qadınların naləsi ər­şə qalxmışdı. Yolda saatlarla gözləmək adamın əsəb­lə­ri­ni tarıma çəkirdi, Murovu aşmaq mümkün olmurdu. Da­ğı aşmaq üçün gözlədiyimiz vaxt güclü külək əsməyə  və qar yağmağa başladı. Bundan sonra vəziyyət daha da ağır­laş­dı. Burada yaranan durum insanı dəhşətə gə­ti­rir­di.

Dağı qəlbimiz dağlana-dağlana, hər dəqiqəsi Mu­rov­dağ boyda əzabla aşdıq.

***

Murovun Xanlar rayonu tərəfində, dağın ortasında “Yol evi” adlanan kiçik bir tikili vardı. Bu kiçik, birmərtəbəli, yöndəmsiz bina dağın sinəsi ilə yol açan fəhlələr üçün tikilmişdi. Nə qədər ağır olsa da, yenə də qəlbimizdə, özümüzdə bir daxili qüvvə duyurduq. Elə bilirdik ki, bu əzab-əziyyətə tezliklə son qoyulacaq, hər şey öz yoluna düşəcək, ev-eşiyimizə qayıdacağıq, beş-on günlük əzaba dözməliyik. Bilmirdik ki, fəlakət indi başlayır.

Murovdağın Xanlar–Gəncə üzündə yolun buzu şüşəyə bənzəyirdi – bəyaz və ləkəsiz, hamar. Maşının qəzaya düşməsindən qorxurduq. Təkər yeri tutmurdu. Sürücünün təkərə doladığı zəncirin hesabına yavaş-yavaş, addım-addım irəliləyirdik. Piyada yeriyə bilən adamları maşından düşürdük. Maşın qabaqda, adamlar isə ehtiyatla maşının arxasınca gedirdi. Sürücünün kiçik bir ehtiyatsızlığı faciə ilə nəticələnə bilərdi.

Bütün günü belə əziyyətlə getdik. Qarlı dağlar ar­xada, başımızın üstündəki buludların arasında qalmışdı. Dağın ətəyinə, rahat yola sağ-salamat çatdığımıza şükür edirdik. Dağın ətəyindən Xanlara, Gəncəyə tərəf uzanan yol əyri-üyrü olsa da, rahat və qorxusuz, qarı-buzu olmayan yer idi. Hava da dağın başındakı havadan fərqli, xoş idi. Toğana kəndini keçdik. Hacıkəndə yaxın yolun qırağındakı yeməkxanaya çatdıq. Hamı ac-susuz və yorğun idi. Bir qədər çay içdik, çörək yeyib toxtadıq, gözümüzə işıq gəldi.

***

Murovdağ geridə qalmışdı. Kim haranı istəyirdisə, sürücü maşını həmin ünvana sürürdü. Ona çox pul vermişdik. Aramıza ayrılıq düşdü. Uşaqlar bir-birindən ay­rılanda ağlaşırdılar. Böyüklər isə onları sakitləşdir­mə­yə və tezliklə bir yerdə olacaqlarına inandırmağa ça­lı­şır­dı­lar. Arif Zülfüqarov uşaqlarını Bərdənin Qılıclar (Mol­lalar) kəndinə, Məhəmməd İlyasov Ağdam rayo­nu­nun Çullu kəndinə, mən isə Tərtər rayonunun Hüsənli kəndinə, qayınlarım Hüseynlə Həsənin evinə apardım.

Uşaqları Hüsənlidə qoyub Oğuldərəyə qayıtdım.

Ailəmizdən anam Rəhimə, həyat yoldaşım Zeynəb və oğlum İmdad kənddə qalmışdılar. Mən bir neçə gündən sonra kəndə qayıdanda anamı və İmdadı nə yolda, nə də evdə tapdım. Ermənilər ailəmi dörd hissəyə bölmüş, pərən-pərən salmışdılar. İmdadı bibim oğlu Sərdar İbrahimov aparmışdı. Maşında S.İbrahimovdan başqa onun həyat yoldaşı Rahilə İbrahimova, bibimin digər oğlu Məhəmməd İbrahimovun həyat yoldaşı Səfa Paşayeva olub. 12 yaşlı İmdadı Oğuldərədən Bərdənin Ağalı kəndinə qədər yük maşınının kabinəsində, dizlərinin üstündə gətirmişdilər. Orada bir necə gün qalandan sonra Hüsənli kəndinə, bacı-qardaşlarının yanına aparmışdılar. Anamı və həyat yoldaşımı isə Kəlbəcərin Tirkeşəvənd kəndində tapdım.

Gəncədən Kəlbəcərə getmək üçün maşın tapmaq müşkülə çevrilmışdi. Yolda əmim oğlu İlyasla qarşılaşdım. Murovu gecə aşdıq. Sürücü bizi Kəlbəcərin Qamışlı kəndinə çatdırdı. Qamışlıdan Kəlbəcər–Ağdərə yoluna kimi piyada getdik. Yolun kənarında köhnə bir maşın dayanmışdı. Maşında gecələdik. Səhər açıldı. Evdə qalan əşyaları aparmaq üçün maşın axtarmağa başladım. Qamışlı kəndində və Kəlbəcər–Ağdərə yolu­nun qırağında səhərdən-axşamadək gah o maşının, gah bu maşının dalınca qaçdım. Nə mən, nə də qon­şularım ev əşyalarından nəsə çıxara bilmişdik. Maşın tapmamış getmək istəmirdim. Maşınsız getməyin bir mənası yox idi.

Maşın da yağlı əppək olub göyə çəkilmişdi. Yolda kəndimizdən Nazimin maşınını gördüm. Nazim dedi ki, kəndə gecə gedərsən, erməni silahlı dəstələri kəndləri işğal edib, Oğuldərəyə yaxınlaşıblar. Onunla Gəncəyə qayıtmaq qərarına gəldim. Maşın yüklü idi. Yük kuzovdan xeyli yuxarıda dururdu, iplə möhkəm çəkilib bağ­lanmışdı. Ayrı əlacım qalmadı, yükün üstünə çıx­dım, üzüquylu uzandım. İpdən möhkəm tutdum. Xeyli yol getdik. Üşüdüm və yoruldum. Fikirləşdim ki, gedə bil­məyəcəyəm, bundan başqa, yıxılıb ölə də bilərdim. Mu­rovu aşandan sonra yol başıaşağı gedir. Onda yükün üs­tündə dayanmaq qəti mümkün olmayacaqdı.

Maşını saxlatdım və düşdüm. Kəlbəcərin Qamışlı kəndinə qayıtdım. Bu kənddən bir sürücü söz vermişdi ki, mənimlə gedə bilər. Axşama qədər onu gözlədim. Maşın sınmışdı, sürücü onu düzəldirdi. Axşam maşın düzəldi. Lakin sürücü fikrini dəyişdi, dedi ki, getmirəm. Xeyli danışdıq, axırda razılaşdıq.

Tirkeşəvəndin ətrafında mal-heyvan gətirən adam­lar­la rastlaşdıq. Kəlbəcərin Tunel adlanan ərazisində, Tir­keşəvənd–Başlıbel yolunun kənarı boyu, yolla pa­ra­lel axan çayın o tay-bu tayında köçlər düşmüşdü. Gecə idi. Yanan ocağın işığında mal-qoyun və ətrafdakı in­san­lar görünürdü. Soraq edə-edə qonşuları və onlarla mal-qoyun gətirən həyat yoldaşım Zeynəbi tapdım. Zey­nəb, Arif, Fatma, Mötəbər, Güləbətin, Təvəkkül, Ağa­şi­rin, Məmmədalı, Cənnət maşına mindilər. Onlar da kənd­dən ev əşyalarını gətirməyə gedirdilər. Kəndə yol­lan­dıq. Sarıyoxuşu aşanda Lolabağırlı kəndinin gü­ne­yin­də yolda bir maşın durmuşdu. Bizim sürücü istədi ki, onun yanından keçsin. Faraların işığında sürücü elə bildi ki, yol yaxşıdır. Maşın uçuruma düşdü. Maşındakıların qış­qırtısı göyə qalxdı. Maşın bir qədər silkələndi, lakin uçu­rumdan çıxdı. Təhlükədən sağ qurtulduq. Əvvəllər bu dağlardan baxanda kəndlərdən işıq gəlirdi. Yollarda ma­şınların ardı-arası kəsilmirdi. İndi dağlar sanki yas için­dəydi, hər yerdə səssizlik hökm sürürdü.

***

Oğuldərəyə girdik. Gecə maşını yükləməyə başla­dıq. Onu da deyim ki, qonşular bu maşınla ev əşya­la­rın­dan nə gətirə bildilərsə, o oldu, hər şey düşmənə qaldı. Çöldə, köçkünlükdə insanların bir yorğanı da yox idi ki, üstünə örtsün. Gecə maşını yüklədik, qorxa-qorxa gecə ikən kənddən çıxdıq. Gənc vaxtlarımdan qələmə al­dı­ğım hekayə, povest və xatirələrim qaldı. Həyatımın bir his­səsi idi. Ev-eşiyimdən, var-dövlətimdən çox o kitab-dəf­tər məni yandırır, hər zaman mənəvi əzab verir. Ma­şınla Tirkeşəvənd kəndinə gəldik. Anam Rəhimə bacım Sə­daqətin köçü ilə bir qədər əvvəl bu kəndə gəlmişdi. Bu­rada anamı da maşına mindirdim. Murova tərəf üz tut­duq. Qar yağırdı. Yolda addım atmağa imkan yox idi.

Maşınlar bir-birinə söykənmişdi. Nə irəli, nə geri tər­pənmək mümkün idi, yenə tıxac yaranmışdı. Biz həmin axşam yenə də Murovun ətəyində qarın-palçığın içində qaldıq. Növbəti gün Murovdağa doğru hərəkət etdik. Yol bağlandığından maşınlar gedə bilmirdi. Bun­dan xəbər tutan Kəlbəcər polisinin silahlı dəstəsi həmin əra­ziyə gəldi. Hərəkətə mane olan maşınları kənara çək­dilər. Yol açıldı, hərəkət hər iki istiqamətdə bərpa olun­du. Murovu bir günə aşdıq. Neçə günün yorğunu və yu­xu­suzu idik. Yolda çay içdik, çörək yedik. Maşın dağ­la­rın enişli-yoxuşlu, çala-çuxur yolundan asfalta çıxdı. Yor­ğun və yuxusuz olduğumuzdan maşın asfaltla get­dik­cə elə bil adama layla çalırdı. Göz qapaqları öz-özü­nə enir, adamı yuxu aparırdı.

Asfaltla xeyli getdik. Ağdam–Bərdə dəmir yolunu ke­çir­dik. Bir də gözümü açdım ki, maşının qabaq tə­kərləri dəmir relslərin üstündədir, sol tərəfdən də qatar pa­rovozu gəlir və bizim maşına çatır. Özümdən asılı ol­ma­yaraq qışqırdım: “Ayə, bizi qırdın, evin yıxılsın, ney­ləyirsən, bizi qırdın!” Mənim həyəcanlı və uca səsimdən sürücü dik atıldı. Maşın atıldı-düşdü və dəmir yolunu keçdi. Sürücü maşını saxladı, su verdik, əl-üzünü yudu, özünə gəldi. Anamı və gətirdiyim yükü də Hüsənli kəndində qoydum və geri qayıtdım.

***

Bu mənim bir həftədə Hüsənlidən Oğuldərəyə üçüncü qayıdışım idi. Dördüncü dəfə qarlı Murovu aşaraq piyada mal-heyvanı gətirən ailə üzvlərimə və kənd sakinlərinə köməyə getməli idim. Hüsənlidən Gəncəyə gəldim.

Gəncədən Murovun ətəyinə qədər getmək üçün çətinliklə maşın tapdım. Çörəyin qıt vaxtları idi, tapılmırdı, baha qiymətə çörək aldım. Murovdağın sinəsi ilə uzanan əyri yolla dağın ətəyindən başına doğru, sonu görünməyən yoxuşu piyada qalxırdım. Tələsirdim, həm də kənddə qalan adamlardan nigaran olduğumdan oturub dincəlmək ağlıma gəlmirdi. Bir addım tez getməyi qənimət bilirdim.

Belimdə də ağır çörək şələm vardı. Qabağıma çıxan adamın ac olduğunu hiss edəndə çörək verirdim, bəzən eləsi olurdu özü istəyirdi. Mən də dar gündə etdiyim bu xeyirxahlıqdan fərəh hissi keçirə-keçirə şələmi yerə qoyur, çoxlu adama çörəyi bütöv, tək adama isə əl boyda paylayırdım. Atalar “Bir tikə dağ aşırar” deyib. Kim yeyibsə, halal xoşu olsun! Mənə elə gəlir ki, qardaşımın, ana-bacımın və özümün verdiyim çörək tikəsinin savabı məni qorudu və qurtardı. Rəhmətlik anam ac qarını doyurmağı dünyanın ən şərəfli və savab işi sayırdı.

Murovun ətəyində əmim Yaqub İlyasovla bibim oğlan­ları Əjdər, Məhəmməd, Sərdar və Əli ilə qarşılaş­dım.

Gecə orada qalıb səhər yola düşdük. Mən Kəlbəcərə, onlar isə Xanlar tərəfə. Qamışlı kəndində mal-qaranı gətirənlərlə görüşdüm. Bir neçə günə Murovun Xanlar tərəfinə aşdıq. Dağın ətəyində yolun kənarında köçümüzü düşürdük. Bir çox adam ay­rıldı, müxtəlif rayonlara getdilər. Qalan da çox oldu. Da­daş əmi, Mötəbər, Arif, İlyas, Eldar, Vidadi. Biz qa­lan­lar fikirləşirdik ki, tezliklə öz kəndimizə qayıdacağıq. Ona görə uzağa getmək istəmirdik. Ailələrimizin qalan üzvlərini də apardığımız rayonlardan bura gətirdik.

Murovdağda bir yerdə qalmaqla taleyin bu ağır yükünü yüngülləşdirəcəyimizi düşünürdük. Pərakəndə, ayrı halda yaşamaq istəmirdik. İstəyirdik ki, harada olsaq, bir yerdə məskunlaşaq. Belə bir vəziyyətdə xeyirdə-şərdə də bir yerdə olaq, bir-birimizə dayaq duraq ki, didərginlik dərdi bizə üstün gəlməsin. Qaçqınlığın faciə olduğunu bilirdik. Biz də faciəyə üstün, qalib gəlmək istəyirdik. Amma hələ bilmirdik ki, daha ağır fəlakətlə bundan sonra üzləşəcəyik.

Ardı var…

Şərh yaz