Şəhid övladı ilə bağlı müraciət

QAT sədri Akif Nağı Ağdamdan məcburi köçkün, şəhid övladı Əflatun Zeynalovun ağır vəziyyəti ilə bağlı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edib.

Qurumun mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

“Məcburi köçkün, şəhid övladı Zeynalov Əflatun Əli oğlunun ağır mənzil-yaşayış şəraiti ilə bağlı Sizə müraciət edirik. Əflatun Zeynalov həyat yoldaşı və qızı ilə birlikdə Səttarxan adına zavodun Qızlar yataqxanasında məskunlaşıb (Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6, otaq 52). Onların yaşadıqları otaq tam yararsız hala düşüb, döşəməsi çürüyüb, tavanı sökülüb-dağılıb, divarlarında salamat yer qalmayıb. Binanın və otağın şəkillərini Sizə göndəririk. Onun atası Əli Zeynalov 1992-c i ilin dekabrında Ağdamın Mərzili kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, son ana qədər döyüş mövqeyini tərk etməyib, bir neçə düşmən əsgərini məhv edib, sonda həlak olub. Onun məzarı da Ağdamda, işğal altındadır. Şəhid övladının bu şəraitdə yaşaması dövlətimizə, şəxsən Sizə, hər birimizə başucalığı gətirmir. Hər bir vicdanlı insan şəhid övladına əlindən gələn köməyi, qayğını göstərməlidir. Şəhid övladının bu vəziyyətdə yaşamasına, ailəsinin, övladının yanında başı aşağı olmasına heç birimiz, vicdanı olan heç kəs razılaşa bilməz. Sizin bütün ehtiyacı olanlara kömək etdiyinizi bilir, şəhid övladının taleyinə biganə qalmayacağınıza inanır və məsələyə müdaxilə etmənizi xahiş edirik.”

Mübarizim.com

Şərh yaz