Şəhid Ramil Qurbanovun ucaldığı şərəf, qeyrət zirvəsi…

Vətənə ürəkdən bağlı olan Ramin Rükəxan oğlu Qurbanovun taleyinə qəhrəmanlıq yazılmışdı. Xalqın sədaqətli, vüqarlı oğlu torpaq uğrunda şəhid olanda hələ 19 yaşı tamam olmamışdı. Beş ay idi Milli Orduda xidmət edirdi. Qaldı ki, cəbhə bölgəsində göstərdiyi şücaətlər tezliklə hər yana yayılmışdı. Bir neçə döyüşdə öz qəhrəmanlığı ilə əsgər dostlarına nümunə olmuşdu.
Ramin Qurbanov Lerik rayonunun Noda kəndində dünyaya göz açmışdı. Uca zirvələr sorağı ilə pərvazlanıb 18 yaşa çatanda el-obada böyük məhəbbətlə qarşılanır. Yağı düşmənin ədalətsiz təcavüzü, Azərbaycan torpaqlarının işğalı onu rahat buraxmırdı. Ordu sıralarına yola düşəndə məkrli düşmənlə sona qədər döyüşərək qisasını alacağına and içir.
Müzəffər ordunun gənc əsgəri Tərtər ərazisində xidməti vəzifəsini ləyaqətlə yerinə yetirir. Döyüş postunda ayıq-sayıq durmaqla düşmənin çox qəfil hücumlarının qarşısını alır. 1999-cu il noyabrın 29-da isə öz sinəsini vətən torpağına sipər edib, son nəfəsinə qədər döyüşür. Mina partlayışı nəticəsində aldığı qəlpə yarasından şəhid olur. Qəhrəmanlıqla böyük ideallar uğrunda canını qurban verməklə milyon-milyon insanın qəlbinə köçür. Və vətən borcundan üzüağ çıxmaqla bütöv Azərbaycana əsl oğul olur.
Raminin ömür yolu əməllərində davam edir. O, vətəni sevdiyi kimi, vətən də onun cismini böyük məhəbbətlə sinəsinə sıxıb. Sıxıb ki, oğlu daim saf, müqəddəs görünsün. İndi Raminin hər anım günü gələndə bütün el-oba Qurbanovlar ocağına toplaşır. Bu ocaqdan od götürüb, qeyrət andı içməkdən ötrü uca göylərdən gəlmə bir istəklə sanki qəhrəman Raminlə dərdləşir. Çünki onun Şəhidlik zirvəsindən Vətənə boylanan müqəddəsliyi sədaqət, vəfa, dəyanət rəmzi kimi əbədidir…
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən istiqlal türbəsidir,
Şəhidlər ölməzdirlər, şəhidi ağlamazlar…

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh yaz