Bir şəhidin nağılı – REPORTAJ

Şəhid qapısı qürurverici olduğu qədər, həm də ağrılıdır. Düz 27 ildir Rövşən Rüstəmov bu qapını döymür.

20 Yanvar şəhidi Rövşən Rüstəmovun ailəsinə baş çəkib, onun xatirəsini andıq.

Şəhidin həyat yoldaşı son görüşlərini belə xatırlayır: “Yanvarın 19-u saat 4 olardı. Evə gəldi. Dedi ki, işim var. Səliqəli geyindi. Elə bir ürəyimizə dammışdı son gedişidir. Təzə kostyumunu geyindi. Yola salanda dedim ki, Rövşən, evə tez gəl. Dedi, sən qorxmarsan. Əllərini cibinə qoyub, paltosunun qabağı da açıq. Eləcə getdi. Dedi bəlkə qayıtdım, bəlkə yox”.

Ziyafət xanım yanvarın 19-dan 20-nə keçən gecə qonşuların hay-küyünə oyandığını xatırlayır: “Çıxdım eyvana, Rövşənin xalası da həmin gecə bizdə qalmışdı. Ayaqyalın betonun üstündə dayandıq. Uşaqlar üçü də yatmışdı. Bir damcı soyuq mənə təsir etmirdi, amma kürəyim yanırdı. Dedim, xala, yanıram istidən. Sən demə, o vurulub. Elə bil məni təpiklə vurub oyatmışdılar o vurulanda”.

Qonşuların həyətə axışdığını görən Ziyafət xanım 3 körpə övladını yatılı buraxaraq həyətə düşür. Qonşulardan eşidir ki, şəhəri gülləbaran ediblər. Həmin gecə nəyin baş verdiyindən xəbərsiz olan qadın tank səslərini eşidir. Amma evə qayıtmır, səhər açılanadək bayırda Rövşənin yolunu gözləyir.

Rövşən qayıtmır. Səhərə yaxın qapılarının həyəcanla döyüldüyünü eşidir. Qaynı Elxan onlara gəlir, Ziyafət xanıma deyir ki, Rövşən gecə ayağından yaralanıb və Sabunçu xəstəxanasındadır, onun yanına getmək lazımdır: “Onun ayağından vurulduğunu eşidəndə, inanın, elə bildim belim sındı. Əyildim ikiqat qaldım. Nə qədər çalışdım, qəddimi düzəldə bilmədim”.

Beləliklə, acı xəbəri alan ailə üz tutur xəstəxanaya: “Pəncərədən gördük onu sonuncu dəfə. Hərəmiz bir dəfə baxdıq. Ağzında aparat xırıldayırdı. O qədər güllə dəymişdi, xəlbir kimi idi. Meyiti ikiqat müşəmbəyə büksələr də, qan kəfənə çıxmışdı. Bel hissəsinə o qədər güllə dəymişdi ki. Bədəninin hər yerində güllə yarası vardı. Bir ürəyinə güllə dəyməmişdi. 32 güllə vurulmuşdu…”

Ziyafət xanım həyat yoldaşını itirəndə onun 27, Rövşənin isə 28 yaşı olub. Deyir ki, 1988-ci ildə meydan hərəkatı başlayandan Rövşən Azərbaycanın azadlığı üçün hər gün meydanlarda olub, hətta Ziyafət xanımı da özü ilə aparırmış.

Yaşasaydı, bu il Rövşən Rüstəmovun 56 yaşı olacaqdı. Ondan geriyə 1 oğul, iki qız övladı qalıb. Övladların ikisi ailəlidir. 9 yaşlı Yağmur adlı nəvələri də var: “Şükür, böyüdü övladlarım. Ali təhsil verə bilməsəm də, hər üçü texnikum bitirib”.

Ziyafət xanım ikinci qrup əlildir. Ürəyin işemiya xəstəliyindən əziyyət çəkir. Ailənin 8 üzvü şəhidlik müavinəti və onun təqaüdü ilə dolanır: “Hər şeyə dözmək olar. Bilirsiz nə vaxt ağlamayacam? Şəhidlərin haqqı alındığı gün. Onların qanı yerdə qalmasın. İnanın, o günü çox gözləyirəm…”

https://www.youtube.com/watch?v=wrfusuGTAcY

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.