Ömrün fidan çağında – ŞƏHİDLİK

O qanlı yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında məktəblilər də var idi.

13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov. Onlar hələ ölümün nə olduğunun fərqində deyildilər. Şəhidlik zirvəsinə yüksələcəkləri ağıllarına da gəlmirdi. Günlərini məktəbli rəfiqələri, dostları ilə xoşbəxt keçirən bu balaca uşaqların kiçik ürəklərindəki böyük vətən sevgisi, azadlıq arzusu onlari da həmin gecə odun, alovun içinə çəkib apardı. Həmin ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar dostları Zakir və Pərvizlə qonşuları Nazimin “Zaparojes” markalı maşını ilə sinəsini düşmən tanklarının sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdılar. Bu zaman tanklarla üz-üzə gəlirlər və maşınlarını saxlayıb qaçmaq məcburiyyətində qalırlar. Düşmən tankı əvvəlcə maşının üstündən keçərək onu yerə yapışdırır. Sonra qaçan uşaqları atəşə tutur. İlqar arxada olduğundan ölümcül yaralanır. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmur.

İlqar İbrahimov Yasamal rayonundakı 167 saylı məktəbin 7-ci “a” sinfində oxuyurdu. Çox yaraşıqlı, sakit təbiətli idi İlqar. Deyirlər ki, ən çox ədəbiyyat fənnini sevirmiş. Poeziyanı da çox sevirmiş. Kim bilir, yaşasaydı bəlkə də tanınmış ədəbiyyatçı, yaxud şair olacaqdı. Ancaq qəm etməyə dəyməz. Çünki o, ən müqəddəs və şərəfli adı-şəhid adını qazandı. Hər il məktəbdə 20 Yanvar faciəsinə, İlqarın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir və həmin gün ilk dərs Yanvar faciəsinə hər olunur.

O gecə həyatına son qoyulanlar, qönçə ömrü yarımçıq qalanlardan biri də Larisa oldu. 134 saylı orta məktəbin 7-ci sinif şagirdi Larisa Məmmədova və atası Fərman Məmmədov da həmin gecə amansız düşmən gülləsinə tuş gəldilər. Atasını ölümün pəncəsindən xilas etsələr də, Larisanın həyatını xilas etmək mümkün olmadı. Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə hər kəs Larisadan danışır. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız əbədi ürəklərdə yaşayır və yaşayacaqdır.

O müdhiş gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. Bu yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Həyatın dadını-duzunu hələ hiss etməyən bu yeniyetmələr nə biləydilər ki, amansız düşmən silahsız, əliyalın insanları, qocaları, qadınları, uşaqları gülləbaran edəcək, atılan güllələr onların həyatına son qoyacaq.

26 il keçir həmin vaxtdan. Yaşasaydılar bu gün 39 yaşları olacaqdı İlqarla, Larısanın. Düşmən gülləsi onları ömürlərinin fidan çağında haqladı. Çoxları 13 rəqəminin düşərsiz olduğunu, uğurlu rəqəm olmadığını söyləyirlər. Uzun illər bu fikrin yanlış olduğunu düşünmüşəm. Çünki həyatımda 13-lə bağlı uğurlu, xoş hadisələr baş verib. Larisanın, İlqarın 13 yaşında şəhid olmaları isə məni bir daha düşünməyə vadar edir, doğurdanmı 13 uğursuz rəqəmdir…

26 ildir ki, Bakının ən yüksək zirvəsində salınmış 20 Yanvar gecəsində və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanı xalqımızın əbədi ziyarətgahıdır. Burda alovlanan məşəl isə heç vaxt sönməyəcək. Çünki bu məşəl öz alovunu, odunu xiyabanda uyuyan şəhidlərin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürüb. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə daima yaşayacaq və onlar heç vaxt unudulmayacaq. Larisa Məmmədova və İlqar İbrahimov isə Azərbaycan xalqının yaddaşında 13 yaşlı məktəbli kimi əbədi qalacaqlar.

Müəllif: Valeh RƏHİMLİ,

Mənbə: “Azərbaycan” qəzeti

19.01.2014

Şərh yaz