Aprel döyüşlərimizin qəhrəmanı Şəhid Fəxrəddin Qurbanlının doğum günüdür

Bu gün aprel döyüşlərimizin qəhrəmanı Şəhid Fəxrəddin Seyfəddin oğlu Qurbanlının doğum günüdür. Şəhid əsgərimizin atası açıqlamasında Fəxrəddinlə fəxr etdiyini, onları diqqətdə saxlayan hər kəsə öz təşəkkürünü bildirib:
“Bu gün Fəxrəddinin 24 yaşı tamam oldu. Bununla bağlı Binəqədi rayon Gənclər Təşkilatı, Binəqədi Bələdiyyəsi, 179 saylı orta məktəbin kollektivi, sinif və tələbə yoldaşları tədbir keçirdilər. Sonra qəbr ziyarəti oldu. Fəxrəddin Şəhid olandan sonra bu artıq ikinci doğum günüdür. O, elə bir uşaq oldu ki, həm orta məktəb dövründə, həm də universitetdə oxuduğu dövrdə həmişə öz fəallığı ilə seçilib. Bu fəallığına görə o, hərbi xidmətdə də diqqət mərkəzində olub. Evin tək uşağı idi, bu bizim üçün çox ağırdı, amma buna baxmayaraq onunla fəxr edirəm. Aprel döyüşləri bütün dünyaya Azərbaycan xalqının bir oyanışı oldu. Torpaqlarımızın iyirmi faizini itirdiyimiz  bir dövrdə aprel döyüşləri bizim şanlı qələbəmizdir. Aprel döyüşlərində qələbəni biz qəhrəman Şəhidlərimizin sayəsində qazandıq. Çox sağ olun ki, hər kəs öz sahəsində Şəhidlərimizlə bağlı əlindən gələni edir”.
Xatırladaq ki, Şəhidimiz Fəxrəddin Qurbanlı 1994-cü ilin bu günü Bakı şəhərində anadan olub. Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakulitəsinə qəbul olunub. Universitetin ən yüksək təqaüt alan tələbəsi olub. Ali təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Tərtərdə xidmət edən Fəxrəddin aprel döyüşlərində qəhrəmancasına Şəhid olub. Aprelin 9-da Şəhid əsgərimiz böyük izdihamla dəfn edilib.
Allah rəhmət eləsin!
 
Müəllif: Vasif Əlihüseyn

Mənbə: Moderator.az

Şərh yaz