“Özüm Nərgiz təpəni aldım, oğlum da Lələ təpəni”

1991-ci ildə oğlu dünyaya göz açanda, Beyləqanın Şahsevənli kəndində el-oba qapılarına gözaydınlığına gəldi. Aprel ayının 17-si idi. Baharın ayazı-şaxtası dağdan-daşdan çəkilmədiyindən, Ələkbər də ilk oğlunun adını Ayaz qoydu. Həm də bir yaz günü dünyaya gəldiyindən Ayaz arzularını çiçəklətmişdi. Sonra ikinci oğlu, daha sonra üçüncü qızı gəldi dünyaya. Bu yerlərin bütün gənc ailələri kimi gün-güzəranlarını keçirirdilər. Və günlərin bir günü Vətən alovlara büründü, solaxay siyasətçilərin, dünyanı idarə edən hegemon dövlətlərin oyunu və dəstəyi, erməni daşnaklarının yardımı ilə erməniləri yenə it kimi, çaqqal kimi Azərbaycana qısqırtdılar. 1918-ci ildən bəri tülkü kimi marığa yatan erməni daşnakları yenə araya girərək, qonşuluqda yaşayan mənfurları Azərbaycanla savaşa sürüklədilər. Həm başdan ayağa qədər rus silahı ilə silahlanmış, həm də imperialist güclərdən dayanmadan kömək, dəstək alan ermənilər ağalarının çaldıqları havaya oynadılar. Azərbaycanlıları əvvəlcə tarixi torpaqları və vətənləri olan İrəvandan sürgün etdilər. Bu hadisə 1988-ci ildə baş tutanda, bir qış günü zülm ərşə dayanmışdı. Sonra isə hər zaman həsrətində olduqları Qarabağa hücumları baş tutdu. Elə o vaxtdan 1993-cü ildən də Ələkbər Hüseynov ətrafında olan bütün cavanlar kimi təzə yaradılan könüllü dəstələrindən birinə Beyləqan –İmişli batalyonuna yazılaraq, döyüşməyə başladı. Gözləri nələr gördü, nə qədər dostunu, həmyerlisini, kəndlisini itirdi bu döyüşülərdə.

Ən son döyüşləri isə Xocavəndin yaxınlığındakı alınmaz qala olan qədim Nərgiz təpə uğrunda oldu. Son döyüşdə bu təpənin uğrunda 36 şəhid verdilər. Onda da aprel idi. Onda da aprel ayının 17-si idi. Bir neçə dəfə həmlə etdikdən sonra, alınıb-verildikdən sonra, Nərgiz təpəni işğalçıların əlindən ala bildilər. Nərgiz təpə o yurddur ki, üstündə nə qədər qanlar tökülüb. Ta bineyi-qədimdən bu elin insanları buraya elə Nərgiz təpə deyərdilər. Bu strateji əhəmiyyətli yerin alınmasında onlara bəlkə də qədim türk xaqanlarının ruhları kömək olmuşdu. İndi Nərgiz təpənin ön tərəfi Qarabağ müharibəsi şəhidlərinin xatirə abidəsi, arxa tərəfi isə qədim qəbiristanlıqıdır. Tarixçilərin dediyinə görə üzərində müxtəlif yay, ox və digər döyüş alətlərinin şəkli yonulmuş baş daşları qədim Oğuzların qəbirləridir. Qədim oğuzların məskəni olmasını Nərgiz təpədə arxeoloji qazıntılar zamanı tapılan əşyalar da xəbər verir. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, tarixçilər bu yerin 6-7-ci əsrdəki türk tayfalarına məxus olduğunu, hətta Dədə Qorqudun başına yığılan elin-elatın burada yaşadığını əminliklə qeyd edirlər.

Əkbər Hüseynov deyir ki, özü Nərgiz təpənin alınmasında, oğlu isə Lələ təpənin alınmasında iştirak edib. 1995-ci ildə hərbi xidmətdən təxris olunub:

– Çox çətin illər idi. İndi vuruşmağa nə var ki… Silah-sursatımız yox idi. Erməni ilə daşla-yabayla vuruşurduq. Onlar isə ən son model silahlarla, rus əsgərləri ilə üstümüzə gəlirdilər. Ona görə də o vaxt uduzmuşuq. Ancaq bu aprel döyüşləri başqa idi. Əməlli-başlı döyüş başlamışdı, gərək axıra qədər gedəydilər. Düzgün də müharibə gedirdi. Azərbaycan gərək atəşkəsə qol qoymamaydı. Razılaşmayaydı. Bilirsiniz, müharibədən o dağlarda-daşlarda , odun-alovun içərisində can qoyanlar danışa bilər. Vətənin hər qarış torpağının qədrini o vətən torpağı üçün can qoyanlar, qan tökənlər, vuruşanlar bilər. Lələ təpənin alınmasını eşidib yaman sevindik. Aprelin 4-ü səhər saat 11-də zəng vurub dedilər ki, oğlun yaralanıb. Həmin dəqiqə cavab verdim ki, mənim oğlum yaralansa heç vaxt zəng elətdirməz. Mən ona bələdəm. Deyin ki, şəhid olub… Telefon zəngi kəsildi. Evdən çıxdım… Getdim balamı axtarmağa… Heç qardaşına da demədim. Özündən kiçik qardaşı Ələsgər də hərbçidir. Sərhəd qoşunlarında xidmət edir. Mən Ayazı hərbidən çəkindirə bilmədim. Əsgəri xidmərini başa vurandan sonra getdi bir şirkətdə işlədi. Bir neçə ay işləyəndən sonra, dedi ki, mənlik deyil, mən gərək gedim hərbiyə. 8-ci sinfi bitirəndə də sənədlərini aparıb Naxçıvanski adına hərbi litseyə vermişdik. Bütün sənədləri düz gəldi, normativləri yerinə yetirdi. Pul istədilər, rüşvət verə bilmədim. Uşaq gözü yaşlı qayıtdı. Ancaq, sonra xüsusi təyinatlı bölüyün ən layiqlisinə yazıldı. Özünü əsl kəşfiyyatçı kimi təsdiq etdi. Mavi beretlilər Azərbaycan Ordusunun görən gözləridir. Oğlum da 2011-ci ildən etibarən şərəflə qulluq etməyə başladı. Onların bölüklərinin əsgərləri zabitləri haqqında “Odda yanmaz, suda batmaz” deyirlər. Ayaz belə Ayaz idi. Sınaqlardan çıxıb, çətinliklərdən keçmişdi, o qədər dövlət əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirmişdi ki… Bizə danışmasa da, mən onun xidmət etdiyi hərbi hissənin təyinatını bilirdim. Tez-tez deyirdim ki, bala özündən muğayat ol, Siz qartal kimisiniz, çalışın nişana gəlməyin. Deyirdi, ata, arxayın ol… Bir ona sevinirəm ki, öz arzusuna çatıb… Ancaq oğul dərdi ağır dərddir, hər dərddən ağır olur. Sonuncu dəfə aprelin 3-ü zəng vurdum ki, oğul, səni Allaha əmanət edirəm. Dedi ki, ata narahat olma, ağsaqqallarla birlikdəyəm. Mənə daha zəng vurma. Vaxt tapanda özüm axtaracam sizi… Sonuncu danışığımız oldu. Ancaq içimdən qovrulurdum. Narahat idim. Topun-mərminin səsindən də evdə otura bilmirdim. Anasına heç nə demədim. Heç ölüm xəbərini alanda da anasına demədim. Başımı götürüb getdim Lələ təpə tərəfə…

Hüseynovların evində qonaq olduğum günü də bu evə bir qış gecəsinin sakitliyi və hüzn hakim idi. Ayazın anası Həmayil əlləri qoynunda qarşımıza çıxdı. Belə olur balası ölən anaların aqibəti, duruşu…

Onları qolları qoynundan açılmır. O qollar bəsləyib böyütdükləri, layla çaldıb beşiyini yellədikləri, əlindən tutduqları balalar üçün darıxırlar. Min bir arzu ilə boya başa çatdırdıqları balaları səslərinə səs verməyəndə, qollar məlul-müşkül bükülüb, anaların qucağında gizlənir. Darıxırmı, utanırmı… bilmirəm. Çox çək çevirdən sonra, ananı dilləndirə bildim. Heç danışmağa haləti yox idi. Elə hey ağlayır, hıçqırırdı. Dedi ki, oğluma payızda toy eləmək istəyirdim. Dedi ki, mənim balam hamıdan qeyrətli, hamıdan gözəl, hamıdan şücaətli, qüdrətli idi. Dedi ki, mənim oğlum mənim üçün bir sərkərdə idi. Bir oba, bir el idi. Bir də onu dedi ki, indi oğlu ilə birlikdə xidmət edən dostları tez-tez bu soyuq, işığı azalmış evə gəlir və Ayazı yad edirlər. Deyirlər ki, oğlum öz komandiri Şükürlə birlikdə döyüşüb, komandiri ona çox etibar edirdi. Oğlum şəhid oldu, komandiri Şükür qəhrəman adı aldı… Olsun… Nə deyirəm ki, Allah hər kəsin balasını qorusun…İkinci oğlum da hərbçidir. Bizimkilərin alnına Vətəni qorumaq yazılıb.

Dağların çişkinidi,

Dumanlı çişkinidi,

Ay qız məni dindirmə,

Balamın pis günüdü.

Hüseynovlar ailəsinin ikinci oğlu, hərbçi Ələsgər deyir ki, aprelin 4-ü axşam vaxtı qardaşının tabutunu həyətə gətirdilər. Həmin gecənin səhərisi isə, aprelin 5-də qardaşı sevdiyi Vətən torpağına qovuşdu.

– Təkcə ona görə sevinirəm ki, qardaşım torpaqlarımızın kiçik bir hissəsinin də olsa azad olmasından xəbəri oldu, – deyir, Ələsgər, sonra gözündən axan yaşını da silmir. Elə bil ki, qardaşı haqqında danışdıqca , qəlbinin acısına dönən göz yaşları yanaqlarından süzülüb ürəyinə axdıqca, qəhrəman qardaşı üçün yanan ürəyinin üstünə su çilənir. – Qardaşım Mübariz kimi, Elyar kimi, Həsən kimi qəhrəman idi. Onların seçdiyi o vətənpərvərlik, şəhidlik yolunu alnına yazmışdı. Nə zaman bir şəhid xəbəri alırdı, nə zaman bir hərbçi şəhid olurdusa, qardaşımın qəlbi qan ağlayırdı, köksünə sığmırdı. Yerlə-göylə dalaşırdı. Bəzən hirsindən qışqırırdı da. Deyirdi ki, belə qalmayacaq, alacağam onların qisasını, məqam gözləyirəm. Çox sevirdi hərbçi peşəsini. 3 dəfə imtahan verəndən sonra sınaqlardan keçmişdi, seçmişdilər onu. Elə sevinirdi ki… 2014-cü ilin noyabr ayında ön cəbhədə qulluq etməyə sərəncam alanda, sevinci yerə-göyə sığmırdı.

 Ürəyi daim Vətən eşqi ilə çağlayırdı. Bir gün yenə kefi yox idi. Evə gəlmişdi. Mən də evdə idim. Əlini göyə açıb dua etdi Allaha. Dedi: “Nə vaxta qədər biz öz doğma yurdumuza həsrətlə baxacağıq, Uca Tanrım canımı hələ alma, qoy Şuşanı, Kəlbəcəri şərəfsizlərdən, düşmən tapdağından xilas edim. Yurdumun şərəfsizlərin əlində qalmasına dözə bilmirəm. Uca Tanrım mənə düz yol göstər, mənə torpaqlarımızı almağa imkan ver…”. Heç bu duaları etməsindən çox müddət keçmədi. Aprel döyüşü başladı… və qardaşım qəhrəmanlıqla həlak oldu. Qardaşım şəhidlik zirvəsinə ucalandan sonra, təsəlli almaq üçün onun qulluq etdiyi hərbi hissəyə getdim. Elə bilirdim ki, orda ona aid nəsə görsəm, sakitləşərəm. Deməyin ki, acizəm, ancaq, qardaş başqa candır. Qardaşın yerini heç nə verməz. Biz bir-birimizlə nəfəs alırdıq. O mənim hər şeyim idi. Bir bayatıda deyildiyi kimi:

Şanım qardaş, can qardaş,

Mən sənə qurban qardaş.

Olum sənə sadağa,

Sən itirmə qan qardaş!!!

Xidmət etdiyi hərbi hissədə dostları deyir ki, döyüş başlayanda qardaşım və Ruhin Qəhrəmanov ailəsi-uşağı olan hərbçilərə deyiblər ki, siz döyüşə atılmayın. İkisi də mayor Elnur Əliyevin qarşısını kəsiblər ki, səni döyüşə buraxmayacağıq. Balaların gözləyir. Mayor onları döyüşdə tək buraxmayıb. Deyib ki, döyüşdə hamı bərabərdir. Hətta əsgərlərini xilas etmək üçün özünü qumbaranın üstünə ataraq həlak olub. Şəhidliyindən bir müddət əvvəl oturub söhbət edirdik, birdən mənə dedi ki qardaş, mən şəhid olsam ağlayarsanmı? Dönüb təəccüblə üzünə baxdım, dedim danışmağa söz tapmırsan? Sən olmayandan sonra bu həyat mənim nəyimə gərəkdir. Canım sənə qurban, mən sənsiz bu həyatda bir gün də yaşaya bilmərəm… Səninlə nəfəs alıram Ayaz, belə danışma. Bilmirəm nə olmuşdu, ürəyinə nə dammışdı. Sonra yenə əlavə etdi: – Ələsgər, qaqa, mən ölsəm, haqqınızı mənə halal edin… Sonra da öpdü, qucaqladı məni, dedi ki, anam, atam, bacım sənə əmanət… Hər zaman məni yaşat ki, onlar acı çəkməsinlər. Elə yaşa ki, məni səndə görə bilsinlər. Məndən sonra ikimizin əvəzinə yaşa… Bax belə qalıb yaddaşımda dünyamı aparan qardaşım. Mən o qisas gününü görmək üçün yaşayıram indi. İnanın ki, çox çətindir, qardaşsız nəfəsim çatmır.

Qədim sərkərdələr, döyüşçülər yurdu Beyləqanda bir qış axşamını da Aprel döyüşlərinin qəhrəmanı, şanımıza şan gətirən Ayaz Hüseynovu yad etməklə arxada qoyduq. O ailəni tərk edəndə, gecənin səhərə açılan qapısında əllərimi Göy Tanrıya açıb belə bir dua etdim: Göy Tanrım, bu qisasımızı qiyamətə qoyma! O nigaran şəhid ruhları, o qəhrəman sərkərdələrimizin xeyir dualarını Vətənimin üstündən əksik etmə. Bizi həm daxilii, həm də kənar düşmənlərimizdən qoru, onları bu Türk oğullarının yurdlarından qovmağa, dostumuzu düşmənimizdən seçməyə bizə qeyrət, qüdrət ver.

Aida Eyvazlı

Bakı Post

Şərh yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.